Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei dünya imperializminə qarşı mübarizə üzrə "Milli Gün" münasibətilə ünvanladığı müraciətdə bu günü haqq cəbhəsinin batil cəbhəsi qarşısında, məzlumların isə zalımlar qarşısında səfərbər olmasının rəmzi kimi səciyyələndirərək İran xalqının cinayətkar Amerika qarşısında öz mövqeyini hər zamankından daha aydın və qətiyyətlə müəyyənləşdirdiyini vurğulayıbdır.
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ABŞ-nin müxtəlif tarixi mərhələlərdə İran xalqına qarşı onilliklər boyu davam edən açıq düşmənçiliyini təhlil edərək, İran xalqının Amerikaya qarşı müqavimət və mübarizə günlərinin artıq daimi xarakter aldığını və bu mübarizənin hər gün davam etdiyini diqqətə çatdırıblar. Onlar düşmənin qarşılaşdığı hər bir mərhələdə İranın mübariz xalqının sarsılmaz iradəsi və meydandakı reallıqların yaratdığı möhkəm maneə qarşısında aciz qaldığını vurğulayıbdır. İslam İnqilabının Ali Məqamlı Rəhbəri, həmçinin mütləq çəkindirmə səviyyəsinə nail olmağın yeganə yolunun hərtərəfli inkişaf və tərəqqi istiqamətində daha da güclü İran strategiyasını ardıcıl şəkildə davam etdirməkdən ibarət olduğunu bildirərək, xalqla dövlət rəsmiləri arasında qarşılıqlı dəstəyin davam etdirilməsinin zəruriliyini bir daha diqqətə çatdırıbdır.
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin dünya imperializminə qarşı mübarizə üzrə Milli Gün münasibətilə ünvanladığı müraciətin tam mətnini təqdim edirik:
Bağışlayan və mehriban Allahın adı ilə
Bu gün dünya imperializminə qarşı mübarizə üzrə Milli Gündür. Bu gün haqq cəbhəsinin batil cəbhəsi, məzlumların cəbhəsinin isə zalımlar cəbhəsi qarşısında səfərbər olmasının bir sıra mühüm dönüş nöqtələrini özündə ehtiva edir. Demək olar ki, bu il noyabrın 4-də (13 aban) İran xalqı cinayətkar ABŞ qarşısında öz vəzifə və mövqeyini ötən illərlə müqayisədə daha aydın və şəffaf şəkildə müəyyənləşdirib. Bununla belə, ABŞ-nin getdikcə böyüyən düşmənçiliyinin köklərini, səbəblərini və mühüm dönüş nöqtələrini, eləcə də İran xalqının bu düşmənçilik qarşısında qətiyyətlə səfərbər olmasının tarixini yenidən nəzərdən keçirmək qarşıdakı yolun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
ABŞ-nin İran xalqına qarşı zülmünün başlanğıcı yeddi onillikdən də əvvələ gedib çıxır. Həmin dövrdə ABŞ milli sərvətlərin və kapitalın, xüsusilə də neft ehtiyatlarının talan edilməsini davam etdirmək məqsədilə 28 Mordad dövlət çevrilişini təşkil etdi. Sonrakı onilliklərdə, İslam İnqilabının qələbəsinədək olan dövrdə də ABŞ-nin hakim dairələri İran xalqının sərvətlərini talan etmək üçün genişmiqyaslı səylər göstərdilər. Bu istiqamətdə SAVAK-ın yaradılmasına və cəmiyyətdə ağır təhlükəsizlik mühitinin formalaşdırılmasına nail olmaqla, həmin dövrün zalım hakimiyyətinin etiraz xarakterli istənilən hərəkatı amansızlıqla yatırmaq imkanlarını daha da genişləndirdilər. İslam İnqilabının möhtəşəm qələbəsi ərəfəsində isə öz əlaltı hakimiyyətlərini qoruyub saxlamaq üçün müxtəlif hiylələrə əl atdılar.
İran xalqının inqilabın qələbəsindən sonrakı dövrdə də ABŞ-nin düşmənçilik siyasətinin təzahürləri sırasında bu ölkənin İran xalqına qarşı yönəlmiş çoxsaylı addımlarını sadalamaq mümkündür. Bunlara separatçı qruplara, dövlət çevrilişi təşkilatçılarına və kor-koranə fəaliyyət göstərən münafiqlərə dəstək verilməsi daxildir. Həmin qruplar elmi, siyasi və ictimai xadimlərlə yanaşı, çoxsaylı sadə insanları da amansızlıqla qətlə yetiriblər. Bundan əlavə, birinci məcburi müharibə zamanı BƏƏS Partiyasına birbaşa və hərtərəfli dəstək göstərilməsi, sərnişin təyyarəsindəki mülki şəxslərin qətlə yetirilməsi, uzunmüddətli, genişmiqyaslı və ağır iqtisadi sanksiyaların tətbiqi, çoxsaylı iğtişaşların və fitnələrin planlaşdırılması, onlara dəstək verilməsi, hətta bu hadisələrdə iştirak edən qüvvələrin silahla təchiz edilməsi, İranın və İslam ümmətinin milli qəhrəmanı general Qasim Süleymaninin terror edilməsi, İran xalqına məxsus pul və digər əmlakın müxtəlif ölkələrdə talan edilməsi, nəhayət son müharibələr zamanı birbaşa hərbi təcavüzə əl atılması, çoxsaylı görkəmli şəxsiyyətlərin, alimlərin və komandirlərin, eləcə də yeni doğulmuş körpələrdən və azyaşlı uşaqlardan tutmuş ahıl insanlara qədər çoxlu sayda məzlum İran vətəndaşının şəhid edilməsi bu cinayətlərin sırasındadır. Bütün bu cinayətlərin zirvəsində isə şəhid Ayətullah Xameneinin şəhadətə yetirilməsi dayanır.
Bütün bu mərhələlər ərzində ABŞ-nin hegemon dairələri və onların əlaltıları daim öz hökmranlıqlarını İrana qəbul etdirməyə və ölkəni təslim olmağa məcbur etməyə çalışıblar. Hətta bu zorakılıq siyasətinin son nümunələrində beynəlxalq münasibətlərin bütün saxta və aldadıcı qayda-qanunlarından, zahiri prosedurlarından imtina edərək, həyasızcasına ölkənin parçalanmasına, xalqın diz çökdürülməsinə, dövlət quruluşunun süquta uğradılmasına və İranın qədim, köklü sivilizasiyasının məhv edilməsinə nail olmağa çalışırlar. Lakin onlar hər mərhələdə real vəziyyətin yaratdığı sarsılmaz maneə və İranın qeyrətli xalqının möhkəm iradəsi ilə qarşılaşıblar. Nəticədə isə yanlış hesablamalarının və hegemonluq xülyalarının bədəlini ABŞ xalqının və bu ölkənin himayəsi altında fəaliyyət göstərən hakimiyyətlərin üzərinə ağır xərclər şəklində qoyublar.
İndi Amerika ilə İranın müsəlman xalqı arasında uzun illərdən bəri davam edən düşmənçilik tarixi və bütün iranlıların bu düşmənə qarşı göstərdiyi qətiyyətli və qeyrətli müqavimət elə bir mərhələyə gəlib çatmışdır ki, artıq yalnız 4 noyabr (13 aban) deyil, bütün günlər və saatlar böyük şeytan Amerikaya qarşı mübarizə və müqavimət günlərinə çevrilmişdir. Hazırda Fars körfəzində, xüsusilə də Hörmüz boğazında baş verən hadisələr Amerikanın məğlubedilməzliyi barədə yaradılmış mifin puç olduğunu nümayiş etdirməklə yanaşı, öz xalqından başqa qüvvələrə arxalanan hakimiyyətlərin zəifliyini və acizliyini, eləcə də böyük dövlətlərin özlərinə bağlı hakimiyyətləri müdafiə etməkdə sədaqətsizliyini və gücsüzlüyünü də aşkara çıxarmışdır. İranın Hörmüz boğazı üzərində nəzarəti ələ alması və region ölkələrində yerləşən ABŞ hərbi bazalarını məhv etməsi, hərçənd Amerikanın son müharibə zamanı törətdiyi təcavüz və cinayətlərə cavab olaraq həyata keçirilmişdir. Bununla yanaşı, regional miqyasda istikbara qarşı başlanmış ilkin cihad kimi də qiymətləndirilir. Təcavüzkar hərəkətlərin təkrarlanacağı təqdirdə isə bu mübarizə daha geniş miqyas alacaqdır. Bu qüdrət nümayişi, haqq cəbhəsinin müxtəlif istiqamətlərinin vahid amal ətrafında birləşməsi və Fələstindən Livana, İraqdan Yəmənə qədər müqavimət cəbhəsinin nümayiş etdirdiyi müdrik və qətiyyətli qəhrəmanlıqlarla birlikdə haqq cəbhəsinin bayrağının yüksəlişinin və yeni dünya nizamının formalaşması üçün zəminin yaranmasının aydın və ümidverici müjdəçisidir. Çünki haqq cəbhəsi təvəkkül, dönməzlik və fədakarlıq nümayiş etdirdiyi təqdirdə, batil cəbhəsi hansı gücə və imkanlara malik olmasından, kimlərdən və nələrdən ibarət olmasından asılı olmayaraq, onun qarşısında tab gətirə bilməz. Geri çəkilmək və məğlubiyyət isə batil cəbhəsinin qaçılmaz aqibətidir. Həqiqətən də batil məhvə məhkumdur.
Həmd olsun Allaha ki, İran xalqı xalis İslam dininin təlimlərindən, İslam İnqilabının maarifindən və öz müdrik rəhbərlərinin, o cümlədən İmam Xomeyninin (r) və şəhid Ayətullah Seyid Əli Xameneinin (Allah onların müqəddəs məqamlarını uca etsin) məktəbindən böyük dərsləri layiqincə mənimsəmiş, ilahi vədlərin günbəgün gerçəkləşməsi nəticəsində bu yolun haqq olduğuna inamı daha da dərinləşmişdir. Bu gün hegemon qüvvələrin öz əməlləri nəticəsində rüsvayçılığa düçar olması fonunda Amerikanın getdikcə tənəzzülə uğrayan qüdrəti və hökmranlığı həm hərbi sərt güc, həm də beynəlxalq miqyasda yumşaq güc baxımından geri dönməz süqut mərhələsinə qədəm qoymuş, onun tənəzzül və dağılma prosesi isə daha da sürətlənmişdir.
Əgər hələ də hegemonluq sistemində davranış dəyişikliyinə və ya partiyalar və siyasi cərəyanlar arasında baş verə biləcək dəyişikliklərə az da olsa ümid bəsləyən, yaxud Amerikaya güzəştlər etməklə onu İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünən şəxslər varsa, onlar ciddi şəkildə yanılırlar. Bu yanlış təsəvvür İranın müsəlman xalqının təvəkkül, dönməzlik və mücahidə sayəsində əldə etdiyi möhtəşəm qələbələrə qarşı nankorluq deməkdir. Amerikanın arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hakimiyyət iddiasında olan hegemon düşmən qarşısında təslimçiliyə yönələn ən kiçik meyil belə şəhidlərin qanı və xalqın hər bir üzvünün fədakarlığı bahasına əldə edilmiş böyük dəyərləri məhv edəcək, hegemon düşməni isə daha çox tələb irəli sürməyə, yeni müharibələrə başlamağa və növbəti təxribatlara əl atmağa daha da cəsarətləndirəcəkdir.
Mütləq çəkindirmə səviyyəsinə çatmağın yeganə yolu hərtərəfli tərəqqi istiqamətində daha da güclü İran strategiyasının ardıcıl şəkildə davam etdirilməsidir. Bu yolda cəmiyyətin bütövlüyü, birliyi və həmrəyliyi uğurun əsas amilidir. Bu prinsip xalqın və məsul şəxslərin fərdi və ictimai fəaliyyətində, eləcə də bütün bəyanat və davranışlarında rəhbər tutulmalıdır. Bu baxımdan, xalqın məsul şəxslərə dəstək göstərməsi nə qədər zəruridirsə, məsul şəxslərin də xalqa daha böyük fədakarlıq və əzmlə, səmimi-qəlbdən xidmət göstərməsi, xalqın güzəranının və rifahının yaxşılaşdırılması, maddi və mənəvi inkişafının təmin edilməsi, ləyaqətinin və müstəqilliyinin qorunması istiqamətində diqqət və səylərini davamlı olaraq artırması da bir o qədər mühüm əhəmiyyət kəsb edir.
Əziz İranın parlaq və əzəmətli gələcəyinin qurulmasında ön sıralarda dayanan əsas qüvvə gənclərimiz, tələbələrimiz və məktəblilərimizdir. Onlar daim ümidsizlik, məyusluq və mümkünsüzlük düşüncələrinin qaranlıq yuvasını ələ keçirmək və dağıtmaq, ümid və biz bacararıq düşüncəsinin işıqlı məkanını isə fəth etmək istiqamətində çalışmalıdırlar. Bu missiyanın yerinə yetirilməsi fövqəladə hazırlıq səviyyəsinə çatmağı, elm, təqva, bacarıq, əxlaq, iradə və misilsiz səylə bağlı bütün vasitələrlə silahlanmağı, habelə ali məqsədlərə nail olmaq naminə qarşılıqlı öhdəlik götürməyi tələb edir.
Ümid edirik ki, qadir olan Allahın yardımı və İmam Zamanın (ə.f) duası sayəsində İran xalqı tezliklə qələbə, səadət və hərtərəfli tərəqqiyə nail olacaq, böyük şeytan olan Amerika hökmranlığının daha da sürətlə və geniş miqyasda süquta uğraması üçün zəmin yaranacaqdır. Həqiqətən, onlar bunu uzaq görürlər, biz isə yaxın görürük.
Ayətullah Seyid Müctəba Hüseyni Xamenei
4 noyabr 2026-ci il
Rəyiniz